Artıq iki həftədir ki,Mingəçevir əhlinin yaxşı tanıdığı,şəhərin quruculuq və inkişafında yaddaqalan əməyi olmuş Əli Saleh oğlu Ağamirov haqq dünyasına qovuşub.
O, 9 may 1949-cu ildə Ağdamın barlı-bağatlı Şelli kəndində sadə, zəhmətsevər Saleh kişinin ailəsində dünyaya göz açıb.
Ə.Ağamirov orta təhsilini kənd və Ağdamın 1 nömrəli məktəbində almışdır.
O,ali məktəbə qəbulda müsabiqədən keçə bilmədiyindən Kirovabad(Gəncə) İnşaat texnikomuna qəbul olunur və təhsilini başa vurduqdan sonra təyinatla Sərsəng SES tikintisinə göndərilir.Onun iş və əziyyətə qatlaşmaq bacarığı tezliklə özünü büruzə verir.Belə ki,Tikinti Quraşdırma İdarəsində çalışdığı 8 il ərzində sıravi fəhləlikdən iş icraçısı,sahə rəisi və böyük mühəndis kimi vəzifələrdə çalışır.
Ə.Ağamirov 1977-ci ilin sonlarında bir mütəxəssis kimi Şəmkir SES Tikinti Quraşdırma İdarəsinə rəisi vəzifəsinə irəli çəkilir,1983-1986-cı illərdə isə Şəmkir Enerji Tikinti Mexanizasiya İdarəsinin rəisi təyin olunur.
1982-1986-cı illərdə Bakı İnşaat Mühəndisləri İnstitunda “Hidrotexniki qurğuların inşaatı”ixtisası üzrə qiyabi ali təhsil alır.
Ə Ağamirov 1986-1987-ci illərdə Yenikənd SES Enerji Tikinti Quraşdırma İdarəsinin rəisi vəzifəsinə göndərilir.
O,35 il bundan əvvəl, 1988-ci ilin avqustunda Azərbaycan DRES (hazırda İES) Tikinti Quraşdırma idarəsinin rəisi kimi ömrünü Mingəçevirlə bağlayır.
Əli müəllim Azərbaycan və Cənubi Qafqazın ən böyük,strateji əhəmiyyətli tikintisinin mərkəzində duran bu idarədə 10 il çalışır. Və diyarımızın bu nur çeşməsinin vaxtında və keyfiyyətli istifadəyə verilməsində onun rəhbərlik etdiyi kollektivin böyük əməyi olmuşdur.
Bu idarənin stansiya tikintisi ilə yanaşı, ölkəmizin Dan Ulduzu Azərbaycan İES yaşayış massivinin müasir görkəm almasında,sosial- məişət,yaşayış binalarının tikintisində də böyük rolu olmuşdur.
Mingəçevirdə artıq kifayət qədər tanınan Əli müəllim 2000-ci ilin yanvarından 2006-ci ilin sonuna qədər Mingəçevir Sukanal idarəsinin rəisi kimi çalışır və şəhərin su təchizatının yaxşılaşdırılması istiqamətində bir sıra işlər həyata keçirir.
Ə.Ağamirov 2008-2009-cu illərdə şəhər Kommunal Təsərrüfatı İB-nə,2009-cu ildən ömrünün sonuna qədər Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinə rəhbərlik etmişdir.Şəhərin yaşıllığının və təmizliyinin qorunması,yeni yaşıllıq zolaqlarının və istirahət məkanlarının salınmasında onun az zəhməti olmamışdır.
Onunla həmsöhbət olanlara ilk baxışdan bir qədər çılğın,ziddiyyətli xarakterli bir insan təəssüratı bağışlasa da, Əli müəllim əslində olduqca həlim,uşaq kimi kövrək və həssas bir insan idi.Onun müraciətindəki “başıqa dönüm”dən isə yox idi.
Onu da qeyd edim ki,nə 30 il gecəli-gündüzlü çalışdığı nəhəng enerji stansiyalarının tikintisi zamanı,nə də 23 il balalarının dünyaya göz açdığı Mingəçevirdəki əməyinə görə Əli Ağamirovun adı müvafiq bir fəxri adla, və ya digər bir mükafatla anılmadı.Bəli, layiq olanların qiymətini vaxtında vermək lazımdır,cənablar.Çünki, “Ömür bir yarpaqdır,zaman sərt külək…”
Bilmək olmur…Sonra isə gec olur.
Epiloq əvəzi:
“…Sən anamsan,a laylamı çalan yurd,
Qismətini kim oxuya,kim bilə?
Ürəyimə misra-misra dolan yurd,
Götür məni qucağında dəfn elə.”
(Şahmar Əkbərzadə)
…Əli müəllim doğma Şelli kəndində deyil,Əli qəbristanlığında,
anasının,ömür-gün yoldaşının,qızının yanında dəfn olundu.
Mərhumun ailəsinə,doğma və əzizlərinə,ocağının qoruyucusu oğlu, dostumuz Xəyala, nəvəsi Salehə dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin.Məkanı behişt olsun.Amin.
“…Ölüm bir ömürlük istirabların,
Ağrının,acının sonu deyilmi?”
(Bəxtiyar Vahabzadə)
Bayram Mustafa(yev),
Dövlət qulluğunun təqaüdçüsü,
Mingəçevir şəhəri.
23.12.2023.