Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Novruz bayramı münasibəti ilə mingəçevirlilərə təbriki
NOVRUZ BAYRAMINIZ MÜBARƏK
Hörmətli mingəçevirlilər!
Əziz dostlar, şəhid ailələrinin üzvləri, şəhərimizdə məskunlaşan keçmiş məcburi köçkün bacı və qardaşlarımız!
Qarşıdan xalqımızın qədim və sevimli bayramlarından biri olan Novruz bayramı gəlir. Novruzun gəlişi qəlbimizdə sevinc və fərəh hissi yaradır.
Çox fərəhli, şərəfli haldır ki, bu il Novruz bayramımız müzəffər ali baş komandan cənab prezident İlham Əliyevin, müzəffər ordumuzun işğaldan azad etdiyi, bu gün sürətlə yenidən qurulan doğma diyarımızın bölgələrində də qeyd edilir.
Sizləri bu əziz milli bayram münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, xöşbəxtlik, sevinc və səadət arzu edirəm. Azərbaycanın inkişafında, tərəqqisində, dünya ölkələri arasında layiqli yer tutmasında böyük xidmətləri olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhərimiz günbəgün gözəlləşir, hüsnünə əlavələr edilir. Bayram ərəfəsində də şəhərimizin küçələrində, park və xiyabanlarında səliqə-səhman, abadlıq və bərpa işləri aparılır. Yaşayış binalarında əsaslı təmir işləri görülür, nümunəvi məhəllələr yaradılır, yenilənir. İnsanların mənalı istirahəti, gənclərin, uşaqların əylənməsi üçün idman meydanları yaradılır. Küçələrin asfaltlanması, müasir tələblərə cavab verən işıq dirəklərinin qoyulması, yeni kanalizasiya xətlərinin çəkilməsi davam etdirilir.
Mingəçevirdə kommunal xidmətlərin yüksək səviyyədə olması hər bir şəhər sakini tərəfindən razılıqla qarşılanır. Və bu bizim işimizə olan məsuliyyətimizi artırır. Sakinlərlə davamlı olaraq keçirilən səyyar görüşlər, vətəndaşların qəbulu zamanı aparılan söhbətlər, qarşılaşdıqları problemlərin həllinə göstərdiyimiz diqqət, bütün bunlar Azərbaycan Respublikasının prezdenti cənab İlham Əliyevin tapşırığının Mingəçevirdə məsuliyyətlə yerinə yetirilmısinin bariz nümunəsidir. Bildiyiniz kimi, cənab prezdent İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunub. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Bu məqsədlə şəhər İcra Hakimiyyətində hazırlanan tədbirlər planına müvafiq olaraq Mingəçevirdə bir sıra tədbirlər həyata keçirilir. Respublikamızın ən yaşıl şəhəri olan Mingəçevirin hüsnünə yeni-yeni əlavələr edilir və ediləcək, yaşıllıq zolaqları genişlənəcəkdir. Parklarda, istirahət məkanlarında, küçələrdə, məhəllələrdə olan yaşıllıq zolaqlarında müxtəlif növ ağac tinglərinin və dekorativ gül kollarının əkilməsi davam etdiriləcək, onların suvarılması və qorunması nəzarətdə saxlanılacaqdır.
Novruzun gəlişi insanlarda xoş əhval-ruhiyyə, həyat eşqi yaradır. Novruz bayramının şəhərimizdə yüksək səviyyədə qeyd olunması məqsədi ilə hazırlanan tədbirlər planına uyğun olaraq idarə, müəssiə və təşkilatlarda, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində, idman meydançalarında maraqlı tədbirlər keçirilir. Bayram şənlikləri hazırlanır. Müqəddəslik rəmzi kimi ata-babalarımızdan bizə əmanət qalan əziz bayramımız ən gözəl töhfədir və onu yaşatmaq, qorumaq və gələcək nəsillərə çatdırmaq bizim ən böyük borcumuzdur.
Əziz dostlar, qoy bu bayram sizlərə sevinc, firavanlıq, xoş günlər gətirsin. Novruz süfrələriniz ruzulu-bərəkətli olsun, xoşbəxt, işıqlı günlər nəsibiniz olsun.
Bayramınız mübarək.
İlham İsmayılov,
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı