Tramp ABŞ-nin yeni antiterror strategiyasını təsdiqləyib

QsQNOulYpY5dU5KDvD9SDWntIJossiMtEXsT6r3a_1200

ABŞ dövlət başçısı Donald Tramp hökumətin başlıca hədəfi kimi narkotik kartellərinin sıradan çıxarılmasını nəzərdə tutan yeni antiterror strategiyasına razılıq verib.

24Xeber.az  AP agentliyinə istinadla məlumat verir ki, bununla bağlı Ağ Ev bəyanat yayımlayıb.

16 səhifədən ibarət olan bu sənəd Tramp hökumətinin yenilənmiş milli təhlükəsizlik strategiyasını ictimaiyyətə təqdim etməsindən bir neçə ay sonra işıq üzü görüb.

“Kartellərin, cihadçıların, eləcə də onlara dəstək verən hökumətlərin vətəndaşlarımıza qarşı cəzasız şəkildə planlar qurmasına imkan yaratmayacağıq. Heç bir terrorçunun ölkə daxilində təhlükəsiz yer tapmasına və ya ölkə xaricindən bizə hücum etməsinə yol verilməyəcək”, – deyə sənəddə qeyd olunur.

Yeni sənədin ərsəyə gəlməsinə başçılıq edən Ağ Evin terrorizmlə mübarizə üzrə rəsmisi Sebastyan Qorka hədəflərdəki bu dəyişikliyin adi riyazi hesablamalara istinad etdiyini vurğulayıb.

O bildirib ki, İkinci Dünya Müharibəsindən bəri qlobal münaqişələrdə həlak olan amerikalıların sayı ABŞ cəmiyyətinə qanunsuz yollarla narkotik ötürən kartellərin fəaliyyəti nəticəsində ölənlərin sayından daha azdır.

“İstər qeyri-qanuni maliyyə mənbələrinin kəsilməsi, istərsə də narkotik daşıyan gəmilərin izlənilməsi yolu ilə olsun, onların amerikalıları kütləvi şəkildə qətlə yetirməsinə göz yummayacağıq”, – deyə o diqqətə çatdırıb.

Hökumətin terrorizmə qarşı mübarizə üzrə digər əsas hədəfləri aşağıdakılardır:

– ABŞ-yə qarşı təxribatlar həyata keçirə biləcək dini silahlı qruplaşmalarının aşkarlanması və məhv edilməsi;

– Anti-Amerika və ya anarxist təfəkkürünə sahib olan radikal dünyəvi siyasi qruplaşmaların tapılması və neytrallaşdırılması;

– qeyri-dövlət qurumlarının kütləvi qırğın silahlarına sahib olmasının qarşısını almaq məqsədilə fəaliyyətlərin artırılması.

Qorka onu da əlavə edib ki, hökumət nümayəndələri bu həftənin sonlarında müttəfiqlərlə bir araya gələcək və terrorizmlə mübarizə üsullarını hansı yollarla inkişaf etdirə biləcəklərini müzakirə edəcəklər.

“Prezidentin də dəqiq şəkildə bildirdiyi kimi, birgə fəaliyyətimizə nə dərəcədə töhfə verməyinizə əsasən, tərəfdaş və müttəfiq kimi etibarlılığınıza qiymət verəcəyik. Bu səbəbdən, Yaxın Şərq və digər bölgələrdəki tərəfdaşlarımızdan daha böyük addımlar gözləyirik”, – deyə o, sözlərinə yekun vurub.