Yaponiyada güclü meşə yanğınları: Əhali evakuasiya olundu
Aprelin 22-də Yaponiyanın şimal-şərq hissəsində yerləşən İvate prefekturasının rəhbərliyi iki rayonu əhatə edən meşə yanğınları ilə əlaqədar Otsuçi şəhərindəki 1000-dən artıq sakini təhlükəsiz bölgəyə köçürüb. Alovun yayılmasının qarşısını almaq məqsədilə özünümüdafiə qüvvələrinin dəstələri hadisə yerinə cəlb olunublar.
24Xeber.az -ın xəbərinə görə, bu barədə “Kyodo News” agentliyi məlumat yayımlayıb.
Kozuçi ərazisində birinci yanğın yerli vaxtla saat 13:50-də (Bakı vaxtı ilə 08:50 – red.) qeydə alınıb. Alov qısa müddət ərzində yaxınlıqdakı meşə zolağına və bir neçə tikiliyə keçib. Günorta saatlarında isə təqribən 10 kilometr məsafədə yerləşən Kirikiri rayonunun təpəlik hissəsində daha bir yanğın ocağı yaranıb. Təhlükəli zonadan ümumilikdə 566 ailə evakuasiya edilib.
Hadisə nəticəsində xəsarət alanlar və ya həlak olanlar barədə məlumat daxil olmayıb.
Yerli meteorologiya rəsədxanasının proqnozlarına əsasən, qarşıdakı günlərdə Otsuçi bölgəsində güclü küləklərin əsəcəyi gözlənilir.