ABŞ-nin hərb nazirindən Hörmüzlə bağlı Avropaya SƏRT TƏNQİD
“ABŞ Hörmüz boğazı ilə bağlı vəziyyətin tənzimlənməsi məsələsində Avropaya güvənmir”.
24Xeber.az xəbər verir ki, bunu ABŞ-nin hərb naziri Pit Heqset deyib.
“Biz Avropaya bel bağlamırıq, lakin Hörmüz boğazı onlara bizdən qat-qat çox lazımdır. Onlar Avropada daha az danışmalı və daha az dəbdəbəli konfranslar keçirməlidirlər. Bu, bizdən daha çox onların mübarizəsidir”, – deyə Pentaqon rəhbəri mətbuat konfransında bildirib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.