ABŞ Seula qarşı addım atır: Kəşfiyyat məlumatları niyə məhdudlaşdırılır?
Amerika Birləşmiş Ştatları Şimali Koreya (KXDR) haqqında kəşfiyyat məlumatlarının Cənubi Koreya ilə bölüşdürülməsini azaltmağı planlaşdırır.
24Xeber.az -ın məlumatına görə, bu barədə “Dong-A Ilbo” nəşri xəbər dərc edib.
Bildirilir ki, bu addımın əsas səbəbi Seul tərəfindən məxfi sənədlərin ehtimal olunan ifşası ilə əlaqədar yaranan narahatlıqdır.
Qalmaqal Cənubi Koreyanın birləşmə naziri Çun Don Yonun parlamentdəki çıxışı zamanı KXDR-ə məxsus Kusonq şəhərində üçüncü nüvə obyektinin yerləşdiyini bəyan etməsindən sonra yaranıb. Vaşinqtonun fikrincə, həmin nitq zamanı gizli kəşfiyyat detalları ictimailəşdirilib. Bu səbəbdən ABŞ tərəfi ötürülən informasiyanın həcmini kiçiltmək qərarına gəlib.
Qeyd olunur ki, Seul hökuməti Şimali Koreyanın fəaliyyətini nəzarətdə saxlamaq üçün əsasən ABŞ-nin kəşfiyyat resurslarına, o cümlədən peyk texnologiyalarına istinad edir. Belə bir məhdudiyyətin tətbiq edilməsi Cənubi Koreyanın izləmə imkanlarına mənfi təsir göstərə bilər.
Baxmayaraq ki, nazir öz sözlərini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin hesabatı ilə əsaslandırmağa çalışıb, qəzet sözügedən sənəddə Kusonq şəhərinin adının, ümumiyyətlə, qeyd olunmadığını vurğulayır.
İrəli sürülən iddialar Cənubi Koreyanın Birləşmə Nazirliyi tərəfindən təkzib edilib. Rəsmi Seul nümayəndələri qeyd ediblər ki, verilən bəyanatlar yalnız açıq informasiya mənbələrinə əsaslanır, hər hansı əlavə məxfi kəşfiyyat materialı istifadə edilməyib və Vaşinqtondan onlara heç bir rəsmi şikayət və ya etiraz gəlməyib.
Medianın yaydığı məlumata əsasən, bu insident tərəflər arasında mövcud olan digər ziddiyyətlər zəminində baş verib və ABŞ Şimali Koreya ilə bağlı kəşfiyyat məlumatlarının Seula ötürülməsini artıq qismən dayandırıb.