İsrael Katsdan xəbərdarlıq: “İranın istənilən yeni lideri hədəfə çevriləcək” – FOTO
“İranın istənilən yeni lideri qeyd-şərtsiz hədəf olacaq”.
24xeber.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrael Kats öz “X” hesabında yazıb.
“İsrailin məhv edilməsi, ABŞ-nin, azad dünyanın və region ölkələrinin təhdid edilməsi, eləcə də İran xalqına zülm edilməsi üzrə planı davam etdirmək üçün İranın terrorçu rejimi tərəfindən təyin edilən istənilən lider məhv üçün qeyd-şərtsiz hədəfə çevriləcək.
Onun adının nə olmasının və harada gizlənməsinin fərqi yoxdur.
Baş nazir və mən İsrail Müdafiə Qüvvələrinə tapşırmışıq ki, hazırlıqlara başlasınlar və “Aslanın nərəsi” əməliyyatı üzrə qarşıya qoyulan məqsədlərin ayrılmaz hissəsi kimi bu missiyanı yerinə yetirmək üçün bütün mövcud vasitələrdən istifadə etsinlər.
Biz rejimin imkanlarını məhv etmək, onun devrilməsi və İran xalqı tərəfindən əvəzlənməsi üçün şərait yaratmaq üçün ABŞ-li tərəfdaşlarımızla birlikdə bütün gücümüzlə işləməyə davam edəcəyik”, – deyə İsrael Kats qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.