İsrail ABŞ-nin hərbi yardımından imtina etməyə hazırlaşır
İsrailin Baş naziri Benyamin Netanyahu yaxın on il ərzində ABŞ-nin hərbi yardımından tədricən imtina edilməsini dəstəklədiyini bəyan edib.
24Xeber.az xəbər verir ki, bu barədə İsrail lideri “CBS News” telekanalına müsahibəsində bildirib.
Ölkələr arasında maliyyə münasibətlərinin yenidən nəzərdən keçirilməsi zərurəti barədə suala cavab verən Netanyahu qeyd edib ki, ölkəsinə illik 3.8 milyard dollar həcmində ABŞ yardımı tədricən dayandırılmalıdır.
Onun sözlərinə görə, prosesə ABŞ Konqresinin tərkibinin dəyişməsini gözləmədən, elə indi başlamaq olar.
Xəbərdə bildirilir ki, ABŞ-nin İsrailə hərbi yardımı onilliklər ərzində ikipartiyalı dəstəyə malik olub. Lakin son vaxtlar İrana qarşı müharibə fonunda siyasi müzakirələrin mövzusuna çevrilib.
Netanyahu ölkənin beynəlxalq imicinin pisləşməsini ilk növbədə Qəzza zolağında münaqişənin işıqlandırılması və müharibənin “səkkizinci cəbhəsi” adlandırdığı sosial şəbəkələrin rolu ilə əlaqələndirib.
“Costs of War Project”in araşdırmasına görə, ABŞ iki il ərzində İsrailə hərbi yardıma 21.7 milyard dollar xərcləyib.