Bakıda “Baxmut qumbaraatanı”na hökm oxundu – ŞOK TƏFƏRRÜAT

ps94mAvHbWpwTvdJHDawbNM9xQcXhQxbCZLWAlsa_1200

Həbsxanadan cəbhəyə, cəbhədən isə yenidən dəmir barmaqlıqlar arxasına… Ukraynanın ən ağır döyüş bölgələrindən biri olan Baxmutda vuruşmuş Azərbaycan vətəndaşına hökm oxunub.

24Xeber.az  Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xarici ölkə ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 34 yaşlı Həsən Məmmədovun (ad və soyad şərtidir) məhkəmə prosesi yekunlaşıb.

İttihama görə, H.Məmmədov 2022-ci ildə Rusiyada cəza çəkdiyi müddətdə müharibəyə cəlb olunub. Ona seçim təklif edilib: ya cəzaçəkmə müəssisəsində qalmaq, ya da döyüşlərdə iştirak etmək. Şərtlərə görə, 6 ay döyüşən məhkumlara yüksək əməkhaqqı, azadlıq, Rusiya vətəndaşlığı və medallar vəd edilib. Təkliflə razılaşan şəxs kəşfiyyat bölməsində qumbaraatan kimi “Telbes” çağırış adı ilə Baxmut döyüşlərinə qatılıb.

Döyüşlərdə ağır yaralanan təqsirləndirilən şəxs Anapa şəhərində müalicə alıb. Bu müddətdə ona vəd olunan pullar verilib və medallarla təltif olunsa da, əsas gözləntisi olan Rusiya vətəndaşlığı verilməyib. Əksinə, o, miqrasiya orqanları tərəfindən saxlanılaraq 2024-cü ildə Azərbaycana deportasiya edilib. Vətənə qayıtdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan H.Məmmədov, yenidən Rusiyaya qayıtmaq və vətəndaşlıq almaq üçün müxtəlif yollar axtardığını etiraf edib.

Məhkəmə iclasında o, özünü təqsirli bilərək əsas məqsədinin azadlığa çıxmaq olduğunu deyib. Tibbi ekspertiza onun bədənindəki qəlpə yaralarını təsdiqləyib. Məhkəmənin qərarı ilə Həsən Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hadisə bir daha sübut edir ki, xarici ölkələrdəki münaqişələrdə iştirak etmək Azərbaycan vətəndaşları üçün ciddi hüquqi məsuliyyət yaradır.