BƏƏ-nin ABŞ-dəki səfiri ölkəsinin OPEC-dən çıxma səbəblərini açıqladı
“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-i tərk etməsi yalnız kommersiya xarakterli bir addım kimi qiymətləndirilməməlidir”.
24Xeber.az xəbər verir ki, bu fikirləri BƏƏ-nin ABŞ-dəki diplomatik nümayəndəsi Yusif Əl-Ətayba “Financial Times” nəşri üçün qələmə aldığı məqaləsində ifadə edib.
Səfirin sözlərinə görə, Əbu-Dabinin 60 illik üzvlükdən sonra təşkilatdan ayrılması təkbaşına hasilat kvotaları və ya müharibə zamanı yaranan fasilələrlə əlaqədar deyil. Diplomat vurğulayıb ki, bu qərar dünya enerji bazarlarında baş verən struktur yeniliklərini, qlobal iqtisadiyyatın təməl dəyişikliklərini, habelə BƏƏ-nin mövcud vəziyyəti ilə gələcək hədəflərinin dəqiq analizini nümayiş etdirir.
O, OPEC-in əsasən neftdən asılı dövlətlər üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Əl-Ətayba bildirib ki, BƏƏ artıq bu çərçivədən kənara çıxıb:
“İndi ölkəmizin ümumi daxili məhsulunun (ÜDM) 25 faizindən az bir hissəsi enerji sektoru ilə əlaqəlidir. Süni intellekt, logistika, aviasiya, turizm, yüksək texnologiyalar və biotibbi elmlər hazırda iqtisadiyyatımızın ən dinamik inkişaf edən sahələridir”.
Diplomat regiondakı mövcud qeyri-sabitliyə də toxunub. “BƏƏ qeyri-sabitliyə deyil, etibarlı və sabit qonşuluq münasibətlərinə maraq göstərir. Enerji strategiyamız, eynilə xarici siyasətimiz kimi, məhz bu məqsədin reallaşmasına xidmət edir”, – o, məqaləsində yazıb.
Xatırladaq ki, BƏƏ mayın 1-də OPEC və OPEC+ formatından rəsmən ayrılıb və bu qərar aprelin 28-də ictimaiyyətə açıqlanıb. Ölkənin energetika naziri Süheyl Əl-Məzruinin sözlərinə görə, bu strateji qərar Hörmüz boğazının bağlanması riski ilə də qismən əlaqədardır.