Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

iu7rLPHdBb8Brk0exoZI4CJIF7VBgqb2hd6GO6pd_1200


Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı yenidən tənzimlənir.

Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və “Aviasiya haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, qeyd olunan məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müvafiq qaydalarına uyğun olaraq tənzimlənəcək.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtı ilə bağlı bu qanunda və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarda tənzimlənməyən məsələlər Əmək Məcəlləsinin müvafiq normaları ilə nizamlanacaq.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:

  • istənilən 7 (yeddi) ardıcıl gün ərzində maksimal iş saatı;
  • istənilən 14 (on dörd) ardıcıl gün ərzində maksimal iş saatı;
  • istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal iş saatı;
  • istənilən 1 (bir) təqvim ili ərzində maksimal iş saatı.

Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin uçuş vaxtı aşağıdakı müddətlər əsasında müəyyənləşdirilir:

  • istənilən 28 (iyirmi səkkiz) ardıcıl gün ərzində maksimal uçuş saatı;
  • istənilən 1 (bir) təqvim ili ərzində maksimal uçuş saatı;
  • istənilən ardıcıl 12 (on iki) təqvim ayı ərzində maksimal uçuş saatı.

Layihədə vurğulanır ki, Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz.

Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən edilib.

Bildirilib ki, cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan çox ola bilməz.

Bu məhdudiyyətlər 13-14 saat davam edən Nyu-York, Seul və digər uzaq istiqamətlərə uçuşların həyata keçirməsini qeyri-mümkün və ya iqtisadi baxımdan səmərəsiz edərək, onların rəqabət qabiliyyətini zəiflədir. Layihədə ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi (fatigue management) sahəsində beynəlxalq standartlara uyğunlaşma nəzərdə tutulub. Layihə ilə Əmək Məcəlləsində nəzərdə tutulan ümumi normalardan istisna olaraq, aviasiya heyətinin iş və istirahət rejimlərinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun şəkildə Nazirlər Kabinetinin qaydaları ilə tənzimlənməsi təklif edilir. Beynəlxalq təcrübədə (məsələn, ABŞ və Avropa İttifaqında) uçuş heyəti üçün iş və istirahət müddətləri 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik limitlərlə tənzimlənir.

İqtisadi səmərəliliyin artması yerli aviaşirkətlərin beynəlxalq bazarda rəqabət gücünü artıracaq və uçuş xəritəsinin genişləndirilməsinə şərait yaradacaq.

Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.