Konqoda Ebola tüğyan edir: Ölənlərin və virusa yoluxanların sayı KƏSKİN ARTIR
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 232 nəfərə çatıb.
24Xeber.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 896-ya yüksəlib.
Son hesabata əsasən, ölkədə sutka ərzində infeksiyaya 21 yeni yoluxma halı aşkarlanıb və altı ölüm faktı qeydə alınıb.
KDR-in səhiyyə orqanlarının nümayəndələri təsdiqlənmiş xəstəlik hallarının hər həftə artdığını vurğulayıblar.
Onların sözlərinə görə, bu vəziyyət virusun insandan insana aktiv şəkildə keçməyə davam etdiyini və epidemiyanın hələ də nəzarət altına alınmadığını göstərir.
Rəsmilər infeksiyanın gələcəkdə daha da yayılması ilə bağlı ciddi risklərin olduğu barədə xəbərdarlıq ediblər.
Qeyd olunub ki, əgər hökumət ictimai səhiyyənin qorunması istiqamətində təcili tədbirlər görməzsə, epidemiya sürətlə ölkənin yeni ərazilərinə yayıla bilər.