Xankəndidə inklüziv şəhərlər və dayanıqlı gələcək mövzusunda panel müzakirəsi keçirilib
WUF13 Festivalı çərçivəsində Qarabağ Universitetində “İnklüziv şəhərsalma: Qadınlar, icmalar və dayanıqlı gələcək” mövzusunda panel müzakirəsi keçirilib.
24Xeber.az xəbər verir ki, Xankəndi şəhərində təşkil olunan tədbirdə müxtəlif sahələri təmsil edən ekspertlər, ictimai fəallar və iştirakçılar bir araya gələrək şəhərlərin gələcəyində inklüziv yanaşmanın, qadın iştirakçılığının və dayanıqlı inkişaf prinsiplərinin rolunu müzakirə ediblər. Qeyd olunub ki, WUF13 Festivalı çərçivəsində həyata keçirilən bu cür təşəbbüslər urbanizasiya, dayanıqlılıq və sosial inkişaf mövzularında ictimai maarifləndirmənin artırılmasına, müxtəlif maraqlı tərəflər arasında dialoqun gücləndirilməsinə və yeni əməkdaşlıqların təşviqinə töhfə verir.
Tədbirdə WUF13 Azərbaycan Əməliyyat Şirkərtinin Kommunikasiya meneceri Emin Hüseynzadə, “Resource HUB”-ın direktoru Gülnarə İsmayılova, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun dosenti Dr Gülçöhrə Hüseynova və Turin Politexnik Universitetin magistrı və gənc memar Lalə Nasibova iştirak edərək tələbələrlə şəhərsalma proseslərində icmaların iştirakının əhəmiyyəti, qadınların qərarvermə mexanizmlərində rolu, daha əlçatan və dayanıqlı şəhər mühitin formalaşdırılması istiqamətində beynəlxalq təcrübələr və yerli yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələr çərçivəsində qeyd olunub ki, Xankəndi bu gün yalnız yenidən qurulan şəhər deyil, eyni zamanda yeni ideyaların, enerjinin və müxtəlif sahələrdən olan intellektual insanların bir araya gəldiyi yeni bir məskəndir. Bildirilib ki, belə bir mərhələdə inklüziv şəhərsalma, icma münasibətləri və şəhərlərin gələcəyinin necə formalaşdırılması ilə bağlı dialoqlar şəhərin inkişafı baxımından xüsusi aktuallıq daşıyır.
Panel iştirakçıları vurğulayıblar ki, Xankəndinin gələcək şəhər kimliyinin formalaşmasında açıq dialoq, müxtəlif baxışların iştirakı və insan mərkəzli yanaşmalar mühüm rol oynayacaq.
Spikerlər dayanıqlı şəhər inkişafının yalnız infrastruktur layihələri ilə deyil, eyni zamanda sosial inklüzivlik, icma iştirakı və insan mərkəzli yanaşmalar vasitəsilə mümkün olduğunu diqqətə çatdırıblar. Panel interaktiv müzakirələr və iştirakçıların sualları əsasında fikir mübadiləsi ilə davam edib.