Balanslı xarici siyasət kursunun memarı

jdsxozmpJcjwq9oqfQ68IJitmTc3Ry3rAuPBB18w_1200

Keçən əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini əldə edən zaman dünyada proqnozlaşdırılması çətin və ziddiyyətli proseslər baş verirdi. Belə bir zamanda ölkənin dayanıqlı inkişafı, yenicə müstəqilliyinə qovuşmuş dövlətlərin ayaqda qalması üçün düşünülmüş və uzaqgörən xarici siyasət kursunun formalaşdırılması başlıca şərtlərdən biri idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı isə Azərbaycan üçün çox mürəkkəb bir dövrə təsadüf edirdi. Bir tərəfdən Ermənistanın işğal siyasətinin davam etməsi, digər tərəfdən isə ayrı-ayrı xarici dövlətlərin ölkəmizlə bağlı məkrli planları Azərbaycanı çox çətin bir vəziyyətə salmışdı.

24Xeber.az  mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Balanslı xarici siyasət kursunun memarı

Çox çətin vəzifə

Ümummilli liderin qarşısında dayanan ən çətin vəzifələrdən biri belə bir şəraitdə daxili ictimai-siyasi sabitliyi qorumaqla bərabər, çevik, düşünülmüş xarici siyasət kursunun reallaşdırılmasını təmin etmək idi. Ulu öndər dünyadakı erməni lobbisinin fəaliyyəti nəticəsində Azərbaycanın üzləşdiyi beynəlxalq təcrid baryerini dağıtmalı, xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdırmalı, informasiya blokadasını yarmalı idi. 1994-cü ilin mayında əldə edilən atəşkəs qarşıya qoyulan ilkin məqsədlərin reallaşdırılması istiqamətində geniş fürsətlər pəncərəsi yaratdı.

Balanslı xarici siyasət kursunun memarı

Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq

Heydər Əliyevin dünya siyasətindəki nüfuzu, zəngin dövlətçilik təcrübəsi Azərbaycanın beynəlxalq aləmdə üzləşdiyi maneələrin bir-bir dəf edilməsində müstəsna rol oynadı. Ulu öndərin təşəbbüsü ilə “Əsrin müqaviləsi”nin imzalanması həm də Azərbaycanın qlobal dünyaya tamhüquqlu üzv kimi çıxışının əsasını qoydu. Bu müqavilə ölkəmizin beynəlxalq dayaqlarını gücləndirməklə yanaşı, Azərbaycan reallığının dünya tərəfindən tanınmasına da vəsilə oldu. Ümummilli liderin xarici siyasət prioritetləri arasında beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq önəmli yer tuturdu. 1994-cü il mayın 4-də Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzaladı. Bu sənəd yenicə formalaşmağa başlayan Azərbaycan Ordusuna NATO-nun hərbi strukturları ilə sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, kadr hazırlığı və digər mühüm məqamlar üzrə zəngin təcrübə qazanmaqda geniş imkanlar yaratdı. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalandı. 1996-cı il iyunun 26-28-də Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi. 2001-ci il yanvarın 17-də isə Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü oldu.

Balanslı xarici siyasət kursunun memarı

Qonşu ölkələrlə münasibətlər

Xatırladaq ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın qonşu ölkələrlə münasibətlərində də ciddi gərginlik və soyuqluq yaranmışdı. Ulu öndərin xarici siyasət kursunun əsasını həm də qonşu dövlətlərlə münasibətlərin bərpası təşkil edirdi. Heydər Əliyevin ardıcıl və uzaqgörən gedişləri qısa müddət kəsiyində rəsmi Bakının qonşuları ilə münasibətlərini nizamlamasına şərait yaratdı. Rusiya və İranla bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan mehriban qonşuluq münasibətləri formalaşdırıldı. Türkiyə ilə əlaqələr isə “bir millət, iki dövlət” prinsipinə uyğun şəkildə inkişaf etdirildi.

Dünyaya çatdırılan Azərbaycan həqiqətləri

Təbii ki, Ulu öndərin xarici siyasətində bir nömrəli prioritet hər zaman Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması təşkil edib.

Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək bu beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən qərar və ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyin ifadə olunması da Azərbaycan diplomatiyasının qələbəsi idi.

Balanslı xarici siyasət kursunun memarı

Çoxşaxəli əməkdaşlıq modeli

Ulu öndərin balanslaşdırılmış, çoxşaxəli və dünyanın bütün güc mərkəzləri ilə milli maraqlarımızın müdafiəsinə hesablanan əməkdaşlıq siyasəti hər keçən gün Azərbaycanın beynəlxalq miqyasdakı rolunu gücləndirirdi. 2001-ci ilin 11 sentyabr terror hadisələrindən dərhal sonra ulu öndərin beynəlxalq terrorizmi pisləyən bəyanatla çıxış etməsi, Azərbaycanın antiterror koalisiyasında fəal iştirakı ABŞ ilə münasibətlərdə yeni səhifə açdı. Avropada Böyük Britaniya, Almaniya, İtaliya, Fransa kimi dövlətlərlə qurulan münasibətlər, İslam dünyası ilə əməkdaşlığın dərinləşdirilməsi, Çinlə ikitərəfli dialoq Azərbaycanın inkişafı, iqtisadi qüdrətinin artması baxımından mühüm əhəmiyyətə malik idi.

Ulu öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illər digər sahələrdə olduğu kimi, xarici siyasətdə də mühüm uğurlar və nəticələrlə yadda qalıb. Müasir Azərbaycanın beynəlxalq müstəvidə qurulan sağlam münasibətlərinin təməlləri məhz ulu öndərin uzaqgörən xarici siyasəti əsasındı atılıb.