Vaşinqton Tehranın planını rədd edir: Gərginlik artır
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun münaqişənin nizamlanması ilə bağlı təkliflərinə İranın cavabını çətin ki, qəbul edəcəyini bildirib. Onun fikrincə, Tehran hələ kifayət qədər yüksək bədəl ödəməyib.
24Xeber.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
“Tezliklə İranın bizə yenicə göndərdiyi planı nəzərdən keçirəcəyəm. Lakin bu planın məqbul olacağını təsəvvür edə bilmirəm. İran hakimiyyəti son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər yüksək bədəl ödəməyib”, – deyə amerikalı lider vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, onun administrasiyası İranla elə bir saziş bağlamaq istəyir ki, bu, bir neçə ildən sonra yeni müharibənin qarşısını almağa imkan versin.
Mətbuat nümayəndələri Trampdan onun İranla saziş bağlamaq cəhdlərindən tamamilə imtina edə biləcəyi barədə əvvəlki bəyanatını şərh etməyi xahiş ediblər. Buna cavab olaraq o bildirib:
“Mən bunu deməmişəm. Demişdim ki, əgər biz indi geri çəkilsək, onların bərpa olunması üçün 20 il vaxt lazım olacaq. Lakin biz geri çəkilmirik. Biz bunu elə edəcəyik ki, iki, üç və ya beş ildən sonra heç kim geri qayıtmalı olmasın”.