Somali piratları neftlə dolu “Honour 25” tankerini ələ keçirdilər
Somali dəniz quldurları 18 min barel nefti daşıyan “Honour 25” gəmisini qaçırıblar.
24Xeber.az -ın məlumatına görə, bu hadisə ilə bağlı xəbəri BBC dərc edib.
Məlumatda bildirilir ki, dəniz quldurları paytaxt Moqadişu istiqamətində üzən “Honour 25” tankerini Somali sahillərində nəzarətə götürüblər. Nəşrin vurğuladığına görə, bu tankerin qaçırılması Somalidəki mövcud gərginliyi daha da kəskinləşdirib, eyni zamanda, Yaxın Şərq regionunda münaqişə başlayandan bəri yanacağın qiyməti üç dəfəyədək bahalaşıb.
Verilən xəbərlərə əsasən, göyərtəsində 17 nəfərlik heyətin olduğu gəmi quru ərazisindən 30 dəniz mili məsafədə altı silahlı şəxs tərəfindən zəbt edilib. Mənbələrin sözlərinə görə, tankerdə təqribən 18 min bareldən çox neft ehtiyatı var.
Dəniz hərəkətini izləyən sistemlərin göstəricilərinə əsasən, gəmi fevralın 20-də Somalinin Berbera limanından (öz müstəqilliyini elan etmiş Somalilend ərazisi) hərəkətə başlayıb. Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən İrana qarşı hərbi addımların atılmasından dərhal sonra tanker Birləşmiş Ərəb Əmirliklərinin sahil sularına çatıb. Təqribən bir ay müddətində Hörmüz boğazı ətrafında qalan gəmi daha sonra Moqadişu istiqamətində kursunu davam etdirib.
Hazırda zəbt edilmiş gəminin Somalinin Bəndərbala şəhəri sahillərində lövbər atdığı və insidentdən sonra əlavə beş quldurun tankerə daxil olduğu qeyd edilir. “Honour 25” gəmisinin heyətinə 10 Pakistan, dörd İndoneziya, habelə Hindistan, Şri-Lanka və Myanma vətəndaşları daxildir.