Bu gün Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

yULILy79aQnkF7Nsm1IXMoJ7UHLDBqnNN0Idsiqy_1200

Aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunur.

24Xeber.az  xatırladır ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. Bu tarix Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.

UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

Ənənəvi olaraq, hər il UNESCO bu gün münasibətilə geniş ictimaiyyətə müraciət edib.

Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir.

Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. 2021-ci ilin aprel ayında dövlətimizin başçısının imzaladığı Fərmana əsasən Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi” yaradılıb.