ABŞ və İranın razılığa gələ bilməməsi Honkonq birjasında təlaş yaradıb
Tehran və Vaşinqton arasındakı münaqişənin həllinə yönəlik razılaşmanın əldə olunmaması səbəbindən Honkonq Fond Birjasında səhmlərin dəyəri ucuzlaşmaqdadır.
24Xeber.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayımlayıb.
Səhər baş tutan ticarət sessiyasının yekunlarına görə, əsas göstərici sayılan Hang Seng İndeksi 350.47 bənd (1.32 faiz) geriləyərək 26 137.01 səviyyəsinə enib.
Birjadakı digər indekslərdə də geriləmə müşahidə edilib. Honkonqda qeydiyyatdan keçmiş Çin aktivlərinin ümumi vəziyyətini əks etdirən “Hang Seng China Enterprises” İndeksi 138.62 bənd (1.55 faiz) ucuzlaşaraq 8 804.92 səviyyəsinə geriləyib. Ən kəskin faiz enişi isə 30 aparıcı texnoloji korporasiyanın səhmlərini dəyərləndirən Hang Seng Tech İndeksində qeydə alınıb və bu göstərici 2.19 faiz (111,08 bənd) azalaraq 4 950.67-yə çatıb.
Bildirilir k, ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı problemin həlli istiqamətindəki danışıqların nəticəsiz qalması investorları təşvişə salıb.
“Vaşinqtonla Tehranın apardığı dialoq hələlik qalıcı bir nəticə verməyib. Hazırda sadəcə qısamüddətli addımlar atılıb ki, bu da gələcək risklərin tam aradan qalxmadığını göstərir və birjaya mənfi təsir edir”, – deyə məlumatda qeyd olunub.