Fatih Birol: “Yaxın Şərqdəki münaqişə nəticəsində 84 energetika obyekti zədələnib”
Yaxın Şərqdə baş verən münaqişə nəticəsində 80-dən çox energetika obyekti zədələnib.
24Xeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol “Anadolu” agentliyinə açıqlamasında məlumat verib.
“Yaxın Şərqdəki hücumlar nəticəsində 84 energetika obyekti zədələnib, onlardan 34-ü ciddi və çox ciddi zədələr alıb”, – deyə agentlik rəhbəri bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatın enerji təhlükəsizliyi üçün ciddi təhdid daşıyır. Birol xatırladıb ki, boğazdan hər gün təxminən 13 milyon barel neft daşınır, dünyanın tələbatı isə 100 milyon bareldir. Agentlik rəhbərinin sözlərinə görə, münaqişə müddətində dünya bazarlarında təbii qaz tədarükündəki itkilər təxminən 100 milyard kubmetr təşkil edir.
“Hörmüz boğazı bütün tərəfləri qane edəcək şəkildə dərhal açılsa belə neft və təbii qaz tədarükünün qısa müddətdə müharibədən əvvəlki səviyyəyə qayıdacağını gözləmək inandırıcı deyil. Zədələnmiş müəssisələrdə istehsalın normal səviyyəyə qayıtması üçün ən azı iki il, bəzilərində isə daha çox vaxt tələb oluna bilər”, – deyə Birol bildirib.
Beynəlxalq Enerji Agentliyinin rəhbəri məlumat verib ki, hazırda Fars körfəzi bölgəsində 200-dən çox neft tankeri və 10 mayeləşdirilmiş təbii qaz gəmisi gözləməkdədir.