Pxenyan Cənubi Koreya prezidentinin mövqeyini yüksək qiymətləndirdi
Pxenyan Cənubi Koreya Prezidenti Li Ce Myonqun pilotsuz uçuş aparatının (PUA) Şimali Koreya hava məkanına daxil olması ilə bağlı insidentə verdiyi reaksiyanı yüksək qiymətləndirib.
24Xeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Conq bildirib.
Kim Yo Conq Cənubi Koreya prezidentinin lüzumsuz hərbi gərginliyə səbəb olan məsuliyyətsiz və ağılsız hərəkətlərə görə təəssüf hissi keçirməsini “çox ümidverici və müdrik davranış” kimi xarakterizə edib:
“Dövlətimizin rəhbəri bu davranışı namuslu və nəcib bir insanın hərəkəti kimi qiymətləndirdi”.
Bununla yanaşı, Kim Yo Conq vurğulayıb ki, Koreya Respublikası sülh və sabitliyin əhəmiyyəti barədə yalnız sözdə danışmamalı, həm də Şimali Koreyaya qarşı “ağılsız təxribatları” əməldə dayandırmalıdır. O, həmçinin Seulun öz təhlükəsizliyi üçün Pxenyanla əlaqə yaratmaq cəhdlərindən imtina etməli olduğunu bildirib:
“Cənubi Koreya dərindən dərk etməlidir ki, əvvəlcədən xəbərdar etdiyimiz kimi, dövlətimizin toxunulmaz suverenliyini pozan təxribatlar təkrarlanarsa, təsəvvüredilməz dərəcədə böyük bədəl ödəyəcək”.