Bakıda saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb
Kiberdələduzluq və narkotik maddələrin dövriyyəsi kimi cinayətlər törətməkdə şübhəli bilindiklərinə görə Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri – Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlinin məhkəməsi başlayıb.
24Xeber.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslər barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı seçilməsi ilə bağlı vəsatətlər versələr də, məhkəmə vəsatətləri təmin etməyib və cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin növbəti iclası aprelin 10-na təyin edilib.
Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqli Daxili İşlər Nazirliyinin (DİN) İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.