ABŞ Hörmüz boğazının bağlanmasına imkan verməyəcək
“ABŞ Hörmüz boğazının bağlı qalmasına imkan verməyəcək”.
24XEBER.AZ TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin hərb naziri Pit Heqset deyib.
“Biz tərəfdaşlarımızla əməkdaşlıq edirik və boğazın bağlı qalmasına, yaxud oradan mal tranzitinin çətinləşdirilməsinə yol verməyəcəyik”, – deyə Pentaqon rəhbəri mətbuat konfransında bildirib.
O, həmçinin əlavə edib ki, ABŞ Hörmüz boğazında tankerləri müşayiət etməyi planlaşdırır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.