Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mingəçevir Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Əlisa Fərəcov,Mingəçevir Tibb Kollecinin şöbə müdiri Azər Quliyev və müəllim-eksperti Səbinə Abbasova, Mingəçevir Uşaq və Ailələrə Dəstək Mərkəzinin eksperti Dilşad İlyasova, eləcə də kollecin müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan kollecin şöbə müdiri Azər Quliyev kollecdə tədris prosesində gənclərin reproduktiv sağlamlıq davranışlarına və onlarda sağlam həyat tərzi vərdişlərinin formalaşdırılmasına böyük diqqət göstərildiyini və bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər mövzunun əhəmiyyətindən bəhs edib, yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıblar. Həmçinin, uşaq və gənclərin sağlamlığının qorunması, reproduktiv sağlamlıq hüquqlarının təmin olunması istiqamətində dövlət proqramları, həyata keçirilən tədbirlər barədə də məlumat veriblər.
Seminar diskussiya formasında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Esmira Hidayətova.