Mingəçevir sakini, başından yaralanmış Birinci Qarabağ müharibəsi veteranı İlqar Məmmədov əlilliyə görə dövlətdən bir manat belə almır. O, kirayə mənzildə yaşayır, işləmir, müharibədə iştirakına görə 80 manat hərbi təqaüd alır, baxmayaraq ki, hərbi əməliyyatlar zamanı yaralanması Müdafiə Nazirliyinin tibbi komissiyasının 19.04.2022-ci il tarixli arayışı ilə təsdiqini tapıb.
İki il əvvl ona əlilliyə görə təqaüd ödəyirdilər, lakin sonradan ödənişlər kəsilib, baxmayaraq ki, kəllə-beyin travması ilə əlaqədar ağrılar ildən-ilə daha da artır.
“Bu ölkədə Vətən keşikçilərinə belə yanaşırlar. Mənə qidalanmaq, müalicə, dərman üçün pul lazımdır. 9 aydır bütün instansiyalara şikayət edirəm. 9 ay məni yoxlamaq olar?” deyə İlqar Məmmədov Turan Agentliyinə daxil olan məktubunda sual edir.
Məmmədovun göndərdiyi sənədlər arasında 28.04.2020-ci il tarixli 88 nömrəli forma var, bu sənəddə xəstəliklər sadalanır və ona ikinci qrup əlillik təyin edildiyi qeyd edilir.
Turan onun müraciətini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərib. Elə həmin gün oradan daxil olan cavabdan məlum olub ki, Məmmədov ona görə əlilliyə görə təqaüd almır ki, Agentliyin kompüter sistemində Məmmədovun son il üçün 88 nömrəli forması yoxdur. Qeydiyyatda olduğu tibb müəssisəsindən belə bir arayış olmadığına görə Agentlik vətəndaşın məsələsini həll edə bilmir. Agentliyin məktubunda Məmmədova 88 nömrəli forma almaq və onu əlillər haqqında elektron məlumatlar bazasına daxil etdirmək üçün yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət etmək təklif olunur. Bundan sonra müraciətə baxılacaq, deyə DTSERA-nın mətbuat xidməti bildirir.