Canni de Byazi Belçikadakı məlum tərbiyəsizliyi vətəni İtaliyada etsəydi, oradakı həmkarlarımız qocanın ağzını cırar, gözünü dağıdardılar.
Bəxti gətirdi ki, qarşısında əyləşənlər ailə tərbiyəsi görmüş, jurnalistikanın etik qaydalarına və ən başda şəxsiyyətinə hörmət edən insanlar idi.
Müftəyeyən və özünü hamıdan ağıllı sayan italyan, jurnalistlərin suallarından qıcıqlanaraq onları (bizi) axmaq adlandırıb.
Bu, təkcə qələm əhlinə yox, həm də Azərbaycan xalqına yönələn təhqirdir. Başqa adı yoxdur, ola da bilməz.
Niyə? Çünki mətbuat konfransında baş məşqçiyə verilən suallar, yönələn tənqidlər sıravi azarkeşlərin də ürəyindən keçənlərdir. Bu dəqiqə Azərbaycanda elə bir adam tapılmaz ki, de Byazinin işini yüksək qiymətləndirsin, haqqında bəh-bəhlə danışsın.
Deməli, Belçikadakı həmkarlarımız həm də azarkeşlərin irad və suallarını baş məşqçiyə çatdırıb, nəticədə italyanın dili ilə desək axmaqlıq etmiş olub.
Ölkəmizə gəldiyi ilk günlərdə səmimiyyətindən gül qoxusu gələn Canni zamanla dəyişdi. Adım kimi əminəm ki, özü dəyişmədi, onu dəyişməyə məcbur etdilər.
Dünyanın hər yerində jurnalistlər “təhlükəli cəmiyyət” hesab olunur deyə, mediaya bu şəkildə dil uzatmağı heç kim ris etmir.
Havadarları – şəxsi maraqlarını güdüb qocanı bizə urcah edənlər ona özündənrazılıq verdi, bu şəkildə danışmağı öyrətdi. Özləri jurnalistlərə, azarkeşlərə, futbol ictimaiyyətinə hörmət etmədikləri kimi, bu xəstəliyi baş məşqçiyə də yoluxdurdular.
Arif Əsədova atılan təpik harınlamışlığın cücərtisi idisə, mətbuat konfransındakı tərbiyəsizlik qudurğanlığın kulminasiya nöqtəsi idi. De Byazi millidən göndəriləcəyini yaxşı bildiyindən, 10 yaşlı uşaq kimi söyüb qaçmaq yolunu tutdu.
Axmaq sözü təkcə bizə yox, həm də 15 ildir ölkənin milyonlarını Berti Foqts, Bernard Lippert, Nikola Yurçeviç, Oliver Pilzer, Nikolay Adam, Canni de Byazi kimi lazımsızları bura gətirənlərə ünvanlanmışdı.
Çünki mətbuat konfransında yönələn suallar onların da başında dolaşır.
Dolaşmırsa, deməli, həmin adamlar (havadarlar) millinin biabırçılığından, neftin pullarının talan olunmasından zövq alır, cənab Prezident İlham Əliyevin idmana ayırdığı xüsusi diqqət və qayğıdan sui-istifadə edir.
Gözü başına ağırlıq edən qoca hiyləgəri iti qovan kimi qovmaq lazımdır. Buna qədər isə jurnalistlərdən, həm də xalqdan üzr istəməlidir.
AFFA rəhbərliyi növbəti seçimdə son dərəcə diqqətli olmalıdır. Əcnəbilərin yararsız və lazımsız olduğunu son 15 ildəki seçmə mərhələlərin yekun tablosu göstərib.
Millinin başında milli ruhlu, qeyrətli, futbolumuza can yandıran məşqçi dayanmalıdır. Azərbaycana pul tələsi kimi baxan alman və ya italyan yox.