Əməkdar artist Ələkbər Əliyev sabah xəstəxanadan evə buraxılacaq.
Bu barədə tanınmış aktyorun özü məlumat verib. O, dəhşətli ağrıları olduğunu qeyd edib:
“Belimdə dəhşətli ağrılar var idi. Uzun illər bu xəstəlikdən əziyyət çəkmişəm. Onurğamda yırtıq var. 2010-cu ildə əməliyyat olundum. Yırtıq həmin vaxt yeddi millimetr idi. Lakin əməliyyat o qədər də uğurlu alınmadı. Bir ilə yaxın axsadım. Əlil dərəcəsi belə almışdım.
Ötən gün əməliyyat olundum. Onurğamdakı yırtıq 25 mm idi. Şükürlər olsun ki, yaxşıyam. Palataya köçürülmüşəm. Sabah xəstəxanadan çıxacağam. Ağrılarım azalıb. Yalnız yaranın yeri narahat edir. O da təbii haldır. Yeriməmdə də problem yoxdur. Ağrılardan yaxa qurtardığıma inana bilmirəm”.
Aktyor səhnədən uzaqlaşması ilə bağlı məsələyə münasibət bildirib:
“Düzdür, səhnədən bir müddət uzaqlaşacağam. Tamaşalarım yarım qaldı. Yəqin ki, təxirə salınar. Ya da müvəqqəti kimsə rollarımı oynayar. Baş rol oynayacağım tamaşalar da var idi. Sağalım, geri qayıdacağam. Aktyor səhnədən aralı qala bilmir. Ürəyi səhnəsiz sanki dayanır”.
Ə.Əliyev sonda seriallara dəvət almadığını əlavə edib.
Xatırladaq ki, ötən gün Akademik Musiqili Teatrının aktyoru, Əməkdar artist Ələkbər Əliyevin səhhətində problemlər yaranması ilə bağlı məlumatlar yayılmışdı.