“Bina qəzalıdır, 2 ilə yaxındır ki, zirzəmisi də bu vəziyyətdədir. Su dolur, gəlib suyu çəkib gedirlər, lakin partlayan borular təmir olunmur. Bu da hər dəfə eyni hadisənin təkrarlanmasına səbəb olur”.
Bu şikayətlə “Qafqazinfo”ya Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 5 saylı 9 mərtəbəli binanın bir qrup sakini müraciət edib.
“Binanın zirzəmisi su içindədir. Turbalar partlayıb və isti su dolub binanın zirzəmisinə. Elə bir ay əvvəl də gəlib suyu çəkib getmişdilər. Bu gün yenə eyni vəziyyətdədir. Bütün binanın altı sudur. Buna səbəb turbaların qırıq olmasıdır” – deyə bina sakinləri bildirib.
Şikayətlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Suraxanı Rayon Su kanal İdarəsi tərəfindən yığılan sular zirzəmidən tam kənarlaşdırılıb və problem aradan qaldırılıb. Hazırda zirzəmidə heç bir axıntı yoxdur. Qeyd edək ki, məsələ Suraxanı Rayon İcra Hakimiyyətinin nəzarətindədir”.