Anadangəlmə korluğun faydası da var imiş: Alimlərdən şok ARAŞDIRMA

nMeo6Ydnf5XePQBEjyHKpeCGWjrtsfM26FBVSSDj_1200

Qərbi Avstraliya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, anadangəlmə qabıq korluğu (kortikal korluq) insanı şizofreniyanın inkişafından qoruya bilər.

24Xeber.az  xəbər verir ki, araşdırmanın nəticələri “Schizophrenia Bulletin” (SchizoB) elmi jurnalında dərc olunub.

Alimlər 1980-2001-ci illər arasında Qərbi Avstraliyada doğulan təxminən 500 min uşağın məlumatlarını təhlil ediblər. Bu dövr ərzində 1870 nəfərə şizofreniya diaqnozu qoyulub. Lakin anadangəlmə qabıq korluğundan – beynin görmə qabığının zədələnməsi nəticəsində görmə qabiliyyətini itirmiş 66 uşağın heç birində bu psixi pozuntu qeydə alınmayıb.

Tədqiqat müəllifləri qeyd edirlər ki, belə bir əlaqə hələ XX əsrin ortalarından müzakirə olunur. Ancaq yalnız müasir tibbi məlumat bazaları bu fərziyyəni böyük insan qrupları üzərində yoxlamağa imkan verib.

“Qoruyucu təsirin yalnız qabıq korluğu zamanı müşahidə olunması xüsusi maraq doğurur. Görmə qabiliyyətini sonradan itirən və ya gözlərin zədələnməsi nəticəsində kor olan insanlarda şizofreniyanın inkişaf riski hələ də qalır”, – deyə mütəxəssislər bildiriblər.

Tədqiqatçıların fikrincə, bu fenomenin səbəbi beynin ətraf aləmi necə şərh etməyi öyrənməsi ilə bağlıdır. Hazırda şizofreniyaya daha çox proqnozlaşdırma sisteminin pozulması kimi baxılır: beyin təsadüfi siqnallara həddindən artıq əhəmiyyət verməyə başlayır və real hadisələri daxili hiss və düşüncələrdən ayırmaqda çətinlik çəkir.

Görmə qabığı yalnız təsvirlərin işlənməsində deyil, həm də öyrənmə, diqqət və məlumatların qiymətləndirilməsi prosesində mühüm rol oynayır. Əgər beyin doğuşdan vizual siqnallar almırsa, bu nahiyə yenidən formalaşır və nitq, yaddaş, eləcə də məntiqi təfəkkür kimi digər funksiyaların icrasına cəlb olunur.

Alimlərin sözlərinə görə, bu cür erkən yenidənqurma beynin fəaliyyətini daha sabit edə və şizofreniya üçün xarakterik olan qavrayış səhvlərinin yaranma ehtimalını azalda bilər.

Müəlliflər vurğulayırlar ki, burada korluğun “müalicəvi təsiri”ndən söhbət getmir. Bununla belə, əldə olunan nəticələr təkcə beyindəki kimyəvi proseslərə deyil, həm də məlumatın qavranılması və işlənməsi mexanizmlərinə yönəlmiş yeni terapiya üsullarının hazırlanmasına kömək edə bilər.