Bakıda “külək gülü” unudulub?

YusDzxHANrGfCayQVtDCS8Oq3SWmtGA26RN4yuVX_1200

“Gələcəyin şəhərsalması üçün ənənəvi memarlıq təcrübəsinə yenidən qayıtmaq vacibdir”.

24Xeber.az  xəbər verir ki, bunu bərpaçı-memar Ədalət Məmmədov Dövlət Ekoloji Ekspertiza Agentliyində (DEEA) təşkil olunmuş ictimai dinləmədə deyib.

O bildirib ki, qədim şəhərsalma ənənələrində “külək gülü” (“roza vetrov”) prinsipi xüsusi həssaslıqla nəzərə alınırdı:

“Külək gülü” müəyyən ərazidə küləklərin hansı istiqamətlərdən və hansı intensivliklə əsdiyini göstərən sxem və ya diaqramdır.

Azərbaycan dilində buna “küləklər qrafiki” və ya “külək istiqamətləri diaqramı” da deyilir.

Bu anlayış şəhərsalma və bina layihələndirilməsində çox vacib hesab olunur. Memarlar və urbanistlər binanın yerini, pəncərələrin istiqamətini, həyətlərin planlanmasını və havalandırma sistemlərini məhz küləyin davranışına uyğun layihələndirirlər. İçərişəhər bunun ən uğurlu nümunələrindən biridir. Belə ki, küçələr və keçidlər elə istiqamətdə salınıb ki, yay aylarında dənizdən gələn meh şəhər daxilində təbii hava dövranı yaradır. Xəzərdən gələn duzlu və təmiz hava küçələri daim havalandırır, bu isə tarixən gigiyenik və sanitar baxımdan müsbət mühit formalaşdırıb.

Məhz bu memarlıq yanaşması sayəsində İçərişəhərdə ağır epidemioloji problemlər, demək olar ki, müşahidə olunmayıb. Eyni zamanda, küçələrin dar və xüsusi bucaq altında planlaşdırılması qış aylarında sərt xəzri küləyinin birbaşa təsirini zəiflədib. Nəticədə, ərazi nə yayda həddindən artıq isti, nə də qışda çox sərt iqlim hiss etdirir”.

Ə.Məmmədov vurğulayıb ki, qədim memarlıqda təbiətlə uyğunlaşma əsas prinsip idi, lakin müasir tikinti layihələrinin bir çoxunda bu amillər kifayət qədər nəzərə alınmır:

“Hündür və sıx tikililər hava axınlarını kəsir, şəhərlərdə “beton istilik effekti” yaradır və mikroiqlim balansını pozur. Gələcəyin şəhərsalması üçün ənənəvi memarlıq təcrübəsinə yenidən qayıtmaq vacibdir”.