Paris və Moskva arasında sıxışan İrəvan
“Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilən Zirvə toplantısı ilk baxışdan regional əməkdaşlıq və dialoq platforması kimi təqdim olunsa da, pərdəarxasında mürəkkəb geosiyasi proseslərin dayandığı aydın görünür.
Son illərdə Ermənistanın xarici siyasət kursunda baş verən dəyişikliklər onu klassik “balans siyasəti”ndən uzaqlaşdıraraq daha açıq şəkildə Qərbə inteqrasiya xəttinə yaxınlaşdırıb. Ermənistan getdikcə Qərblə Rusiya arasında geosiyasi rəqabətin aktiv meydanına çevrilir. Ukrayna nümunəsi göstərdi ki, böyük güclərin toqquşma zonasında yerləşən dövlətlər üçün bu cür qarşıdurmalar ağır nəticələr doğura bilər. Rəsmi İrəvanın bu istiqamətdə atdığı addımlar da oxşar riskləri gündəmə gətirir.
Tarixi kontekstdə baxdıqda, Ermənistanın uzun illər müstəqil və çoxvektorlu siyasət yürütməkdə çətinlik çəkdiyi görünür. SSRİ dövründən sonra ölkə əsasən Rusiyanın təhlükəsizlik sisteminə inteqrasiya olunmuş, hərbi və siyasi baxımdan Moskvanın təsir dairəsində fəaliyyət göstərmişdi. Bu səbəbdən Ermənistan tez-tez “Rusiyanın forpostu” kimi xarakterizə edilirdi. Lakin son dövrdə bu model dəyişməkdədir. İndi isə eyni yanaşmanın fərqli mərkəz üzərindən təkrarlanması müşahidə olunur. Bu dəfə isə mərkəz Parisdir. Rəsmi İrəvan Fransanın diktəsi ilə hərəkət edir.
Qərb dövlətlərinin Ermənistana artan marağı ilk baxışda dəstək kimi təqdim olunsa da, bu münasibətin mahiyyəti daha çox geosiyasi rəqabətlə bağlıdır. Regionda Rusiyanın təsirini zəiflətmək istəyən Qərb üçün Ermənistan əlverişli platformaya çevrilir.
Regional təhlükəsizlik və uzunmüddətli sabitlik məsələləri getdikcə arxa plana keçir. Ermənistan bu proseslər fonunda ciddi geosiyasi təzyiqlərlə üzləşir. Ölkənin qarşısında duran əsas məsələ müstəqil siyasət yürütmək imkanlarının qorunmasıdır. Mövcud reallıq isə göstərir ki, böyük güclərin rəqabəti Ermənistanı yenidən təsir dairəsinə salır. Bu isə suveren qərarvermə mexanizmlərini zəiflədir. Tarixi təcrübə sübut edir ki, belə vəziyyətlər dövlətlər üçün davamlı risklər yaradır. Ermənistanın indiki kursu bu riskləri daha da artırır. Nəticədə müstəqil siyasət iddiası real siyasətdə özünü doğrultmur.