Bakıda yeni simulyasiya mərkəzi açıldı

IMG_7511

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) ölkəmizin kibertəhlükəsizlik ekosistemi üçün mühüm əhəmiyyət kəsb edən “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə başlaması münasibətilə təntənəli açılış mərasimi keçirilib.

24xeber.az xəbər verir ki, tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqar Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud Rüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-in rektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru Karmen Elena Çirnu və digər rəsmi qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən XRİTDX-nin rəisi İlqar Musayev yeni laboratoriyanın XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-27-ci illər üçün Strategiyası”nın tələblərinə uyğun olaraq qurulduğunu diqqətə çatdırıb. Həmçinin vurğulanıb ki, strategiyanın icrası çərçivəsində laboratoriyanın texniki imkanlarının genişləndirilməsi, xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təchiz edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə işlər davam etdirilir.

İ.Musayev qeyd edib ki, milli informasiya təhlükəsizliyinin təminatında institusional lider kimi çıxış edən XRİTDX üçün peşəkar kadr hazırlığı və bilik ekosisteminin formalaşdırılması prioritet məsələdir. O, BANM-də yaradılan bu laboratoriyanın dövlət qurumunun əməliyyat təcrübəsi ilə ali təhsil mühitinin akademik potensialını birləşdirən konkret infrastruktur həlli olduğunu bildirib.

Xidmət rəisi əlavə edib ki, NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı çərçivəsində Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə reallaşdırılan “Cyber Polygon” layihəsi beynəlxalq səviyyəli qabaqcıl kibertəlim platformasıdır. Onun sözlərinə görə, bu platforma vasitəsilə kritik informasiya infrastrukturlarına yönəlmiş real kiberhücum ssenariləri modelləşdirilir, müdafiə mexanizmləri sınaqdan keçirilir və insidentlərə çevik reaksiya vərdişləri formalaşdırılır.

İstifadəyə verilən laboratoriya təkcə universitetin tələbə və müəllim heyəti üçün deyil, həm də dövlət qurumlarının əməkdaşları üçün beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində işləmək, təşkil olunacaq təlimlərdə iştirak etmək və praktik təcrübə qazanmaq imkanı yaradacaq.

Bu yanaşma laboratoriyanı, sadəcə, tədris məkanı olmaqdan çıxararaq, kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı və təkmilləşdirildiyi strateji test platformasına və kadr hazırlığı bazasına çevirir.

Tədbirdə çıxış edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsil ocağında bu sahədə praktikyönümlü tədrisin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Rektor laboratoriyanın açılışının Azərbaycan Gəncləri Gününə təsadüf etməsinin rəmzi məna daşıdığını vurğulayaraq, yaradılan mühitin gənclərin müasir texnoloji biliklərə yiyələnməsi və gələcəyin peşəkar mütəxəssisləri kimi formalaşması üçün vacib olduğunu qeyd edib. E.Qasımov dövlət qurumu ilə universitet arasındakı bu əməkdaşlıq modelinin elmi potensialın gücləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun (ICI Bucharest) elmi direktoru Karmen Elena Çirnu isə çıxışında bu layihənin bir hissəsi olmaqdan məmnunluğunu ifadə edib. O, NATO proqramı çərçivəsində XRİTDX ilə birgə icra olunan “Cyber Polygon” layihəsinin əhəmiyyətindən danışaraq bildirib ki, layihə simulyasiya əsaslı təlim və test mexanizmlərini birləşdirən müasir platformadır. Çirnu vurğulayıb ki, “Cyber Polygon” vasitəsilə SCADA kimi kritik sistemlərin virtual “əkizləri” yaradılaraq, real sistemləri riskə atmadan təhlükəsizlik boşluqlarını aşkar etmək mümkündür. Platformanın XRİTDX-nin tələblərinə uyğun lokal qapalı serverlərdə qurulması isə həssas simulyasiyaların tam məxfiliyinə zəmanət verir.

Bakıda yeni simulyasiya mərkəzi açıldı
Bakıda yeni simulyasiya mərkəzi açıldı
Bakıda yeni simulyasiya mərkəzi açıldı
Bakıda yeni simulyasiya mərkəzi açıldı
Bakıda yeni simulyasiya mərkəzi açıldı
Bakıda yeni simulyasiya mərkəzi açıldı
Bakıda yeni simulyasiya mərkəzi açıldı
Bakıda yeni simulyasiya mərkəzi açıldı
Bakıda yeni simulyasiya mərkəzi açıldı
Bakıda yeni simulyasiya mərkəzi açıldı