DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

IMG_7509

“DTX rəqəmsal sübutların tanınması ilə bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı təşəbbüs irəli sürüb. Azərbaycanda yaxın vaxtlarda rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”.

24xeber.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının açılışında bildirib.

O qeyd edib ki, sənəd Milli Məclisə baxılması üçün təqdim olunub:

“İnanırıq ki, mətbuatdan da izlədiyiniz kimi bütün cinayətlərin texniki izlərinin həm aparat təminatlarında, avadanlıqlarda, eyni zamanda, proqramlarda, şəbəkələrdə, bulud texnologiyalarında izlənməsi və onların hüquqi statusu artıq təmin olunacaq”.

DTX rəsmisi yeni yaradılan laboratoriyada yaxın vaxtlarda Azərbaycanda istehsal olunan proqram təminatlarının, eləcə də aparat təminatlarının testlərinin keçiriləcəyinə, zəiflik və boşluqların aşkar ediləcətinə ümidini ifadə edib:

“Burada o qədər sürətli tədqiqatlar aparmalıyıq ki, bizim rəqəmsal inkişaf tendensiyasını izləmək mümkün olsun”.