Bakıda zəncirvari qəza, dörd avtomobil toqquşdu
Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
24xeber.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Zabrat-Məmmədli yolunda baş verib.
“AzSamand” markalı avtomobil yol kənarındakı dayanacağa çırpılıb. Qarşı istiqamətdən gələn KIA markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxlayaraq hadisəyə baxmaq istəyib. Bu zaman arxadan gələn “Toyota” markalı avtomobil KIA-ya çırpılıb.
Zərbə nəticəsində KIA markalı avtomobil qarşıdan gələn digər “Toyota” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində dörd avtomobilə və dayanacağa ciddi ziyan dəyib.
Xəsarət alan olmayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.









