Məşhur klinika qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək
Sumqayıt şəhərində yerləşən “Liman” klinikası qüsurlu əməliyyata görə pasiyentə təzminat ödəyəcək.
24Xeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə buna dair qərar qəbul edib.
İş üzrə iddiaçı Nuridə Zülfüqarovadır. Zülfüqarova 2024-cü ildə “Liman”da cərrah Əfqan Ağagülov tərəfindən burun əməliyyatı olunub. Lakin əməliyyatdan sonra onun sol gözündə çəplik yaranıb.
Sonradan prokurorluqda araşdırma aparılsa da, yekunda cinayət işinin başlanmasından imtina edilib. Lakin məhkəmə-tibb ekspertizası əməliyyatın qüsurlu aparıldığını təsdiq edib.
Fotoda Əfqan Ağagülov

İddiaçının vəkili Anar Məmişov ekspert rəyini də məhkəməyə təqdim edib. Bundan əlavə, vəkil əməliyyatdan sonra çəkilən xərcləri də sadalayıb. İddiaçı tərəf dəymiş zərərin əvəzi kimi konkret olaraq “Liman” klinikasından və cərrah Əfqan Ağagülovdan 40 min manat maddi, 10 min manat mənəvi təzminat tələb edib.