Ramiz Alıyev: “İranın təhdidləri siyasi narahatlığın ifadəsidir”
“İran mediasında Ermənistanla bağlı səsləndirilən və açıq şəkildə hərbi təhdid elementləri daşıyan bəyanatlar ilk növbədə regionda formalaşmaqda olan yeni geosiyasi reallıqlar fonunda qiymətləndirilməlidir”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Ramiz Alıyev deyib:

“Son illərdə Cənubi Qafqazda baş verən proseslər göstərir ki, region ölkələri öz gələcəklərini artıq xarici mərkəzlərin diktəsi ilə deyil, milli maraqları və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında müəyyənləşdirməyə çalışırlar. Uzun illər müxtəlif güc mərkəzlərinin rəqabət meydanına çevrilmiş Cənubi Qafqazda bu gün tamamilə yeni siyasi mühit formalaşır. Bu prosesin əsas təşəbbüskarı və aparıcı qüvvəsi isə Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasətdir. Məhz Azərbaycanın hərbi, siyasi və diplomatik uğurları nəticəsində regionda yeni təhlükəsizlik arxitekturasının əsası qoyulub. Güclü orduya, müstəqil xarici siyasətə və ciddi iqtisadi potensiala malik Azərbaycan bölgədə sülh və əməkdaşlıq gündəmini irəli sürən əsas aktora çevrilib. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində münaqişə dövrü arxada qalıb və artıq regional əməkdaşlıq mərhələsinə keçid üçün real imkanlar yaranıb. Azərbaycanın uzun müddətdir irəli sürdüyü sülh təşəbbüsləri bu gün beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir”.
Siyasi şərhçi bildirib ki, Ermənistan rəhbərliyinin də sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan etməsi bölgədə davamlı sabitliyin təmin olunması istiqamətində mühüm siqnal hesab edilməlidir:
“Eyni zamanda, Azərbaycan-Türkiyə müttəfiqliyi regionda təhlükəsizlik və əməkdaşlığın ən mühüm dayaqlarından biridir. İki qardaş ölkənin strateji tərəfdaşlığı təkcə ikitərəfli münasibətlərə deyil, bütövlükdə Cənubi Qafqazın inkişaf perspektivlərinə müsbət təsir göstərir. Beynəlxalq səviyyədə də regionda sülhün əldə olunmasına maraq artmaqdadır. ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sabitliyin və kommunikasiyaların açılmasının vacibliyinə dair qətiyyətli mövqeyi də bu istiqamətdə diqqətçəkən amillərdəndir”.
Ramiz Alıyevin sözlərinə görə, yaxın aylarda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması perspektivi, eləcə də Zəngəzur dəhlizinin açılması regionun iqtisadi və nəqliyyat xəritəsini köklü şəkildə dəyişə bilər. Bu layihə yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz ölkələri, o cümlədən tərəfdaş və müttəfiq dövlətlər üçün yeni imkanlar yaradacaq. Nəqliyyat marşrutlarının genişlənməsi, ticarət əlaqələrinin artması və böyük infrastruktur layihələrinin həyata keçirilməsi regionun rifahına xidmət edəcək.
“Belə bir şəraitdə hər hansı ölkədən gələn təhdid xarakterli bəyanatlar reallıqdan daha çox siyasi narahatlığın ifadəsi kimi görünür. Müasir beynəlxalq münasibətlər sistemində Cənubi Qafqaz dövlətləri suveren ölkələrdir və öz strateji qərarlarını müstəqil şəkildə qəbul edirlər. Heç bir kənar güc region ölkələrinin iradəsinə zidd olaraq onların gələcəyini müəyyən edə bilməz. Mövcud proseslər göstərir ki, Cənubi Qafqaz qarşıdurma deyil, əməkdaşlıq mərhələsinə daxil olur. Azərbaycanın güclü mövqeyi, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Türkiyə ilə strateji müttəfiqlik, beynəlxalq dəstək və Ermənistanın sülhə hazır olması fonunda nə İranın, nə də hər hansı digər kənar ölkənin bölgədə formalaşan yeni sülh və əməkdaşlıq mühitinə mane olmaq imkanları görünür. Regionun gələcəyini təhdidlər deyil, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq və inteqrasiya müəyyən edəcək”, – deyə o əlavə edib.