Mingəçevir məktəbində DƏHŞƏT

image

Olkemedia.az xəbər verir ki, Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan tədbirdə ortaya çıxan görüntülər sözün əsl mənasında ürək dağlayır. Ulu Öndərin portretlərinin səhnənin aşağı hissəsində, döşəmə səviyyəsində yerləşdirilməsi qəti şəkildə yolverilməz təsir bağışlayır.


Əsas sual isə budur: Məktəb direktoru Zaur Müseybov və Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Rüstəm Aslanov bu mənzərəni necə görməyiblər? Tədbir başlamazdan əvvəl səhnəyə baxış keçirilməyibmi? Dövlətçilik tarixində xüsusi yeri olan bir şəxsiyyətin adına təşkil edilən tədbirdə bu qədər diqqətsizlik necə baş verə bilər?


Bir məktəbdə keçirilən rəsmi tədbirdə portretlərin döşəmə səviyyəsində yerləşdirilməsi sadəcə texniki nöqsan kimi izah edilə bilməz. Bu, təşkilatçılıqda məsuliyyətsizliyin və nəzarətsizliyin açıq göstəricisidir. Təhsil müəssisəsində keçirilən tədbirlər şagirdlərə nümunə olmalıdır. Əgər dövlət xadimlərinə münasibət bu formada təqdim olunursa, gənc nəslə hansı mesaj verilir?


Nə səbəbə ömrünü xalqa və dövlətə həsr etmiş, Azərbaycan xalqının qəlbində əvəzolunmaz lider kimi yaşayan Ulu Öndərin portretini daha hörmətli formada yerləşdirmək üçün uyğun təqdimat düşünülməyib? Bu isə artıq ciddi təşkilati qüsur və laqeyd yanaşma təsiri bağışlayır.


Diqqətçəkən məqamlardan biri də odur ki, tabeliyində olan təhsil müəssisələrindəki nöqsanların aradan qaldırılmasına və təşkilati işlərə nəzarət etməli olan sektor rəhbərliyi tədbir boyu bu mənzərə ilə üz-üzə qalsa da, portretlərin bu formada yerləşdirilməsinə münasibət bildirilməyib. Bu isə nəzarət mexanizminin nə dərəcədə effektiv olduğu ilə bağlı ciddi suallar yaradır.


Məsul şəxslər anlamalıdırlar ki, belə tədbirlər formal hesabat üçün deyil, dövlətçilik ruhunun, hörmətin və milli dəyərlərin nümayişi üçün keçirilir.
Hörmətli aidiyyəti məsul şəxslər, nəzərinizə çatdırırıq ki, tarixi şəxsiyyətlərə və dövlətçilik simvollarına münasibətdə diqqət və məsuliyyət hər zaman ən yüksək səviyyədə qorunmalıdır.


Ümid edirik ki, aidiyyəti qurumlar baş verənləri diqqətlə araşdıracaq, təşkilati nöqsanlara hüquqi və inzibati qiymət veriləcək və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün ciddi nəzarət mexanizmləri tətbiq olunacaq.