Türkiyə Estoniyada silah zavodu inşa edəcək

eZCbMudoCmve78UvAKnV0On7FPGWijkIHmDJQsK1_1200

Türkiyənin “Arca” hərbi sənaye müəssisəsi Estoniyada minaatan və artilleriya mərmiləri istehsalı üzrə yeni zavod inşa edəcək.

24Xeber.az  xəbər verir ki, bu barədə Estoniya Müdafiə İnvestisiya Mərkəzi bildirib.

Xəbərə görə, rəsmi sənədin may ayının ilk günlərində Türkiyədə imzalanması nəzərdə tutulur.

Estoniyanın müdafiə naziri Hanno Pevkur qeyd edib ki, böyükçaplı mərmi istehsalı zavodunun qurulması Estoniyanın hərbi gücünün və sursat sənayesinin gələcək inkişafında önəmli mərhələdir.

Müəssisədə 155 millimetrlik artilleriya mərmilərinin, fərqli kalibrli minaatan sursatlarının və 122 millimetrlik raketlərin istehsalı nəzərdə tutulub. Türkiyə şirkətinin Estoniyada fəaliyyət göstərən törəmə müəssisəsi bu layihəyə 300 milyon avro həcmində investisiya yatıracaq. İstehsalat prosesinə 2028-ci ildə start verilməsi gözlənilir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Litva və Latviya Almaniyanın Düsseldorf şəhərində mərkəzləşən “Rheinmetall” hərbi sənaye nəhəngi ilə analoji razılaşmalar əldə ediblər. Lakin Estoniya alman şirkətinin təklifini qəbul etməyərək hərbi zavodun inşası üçün açıq tender həyata keçirib. H.Pevkurun daha öncəki bəyanatlarına əsasən, “Rheinmetall” bu tenderə qatılmayıb.