Xəzinədarlıqda rəqəmsal dönüş: “Maliyyə Hesabatlılıq Portalı” büdcəyə nəzarəti gücləndirir
Dövlət Xəzinədarlıq Agentliyi 2025-ci il üzrə fəaliyyətinin hesabatını təqdim edib.
24Xeber.az -ın məlumatına görə, Maliyyə Nazirliyində keçirilən Kollegiya iclasında agentliyin ötən il gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Hesabatda bildirilib ki, dövlət xəzinədarlığına daxil olan sənədlərin icra müddəti ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyədək sürətləndirilib.
Bundan əlavə, real vaxt rejimində məlumatlara çıxış imkanı verən “Maliyyə Hesabatlılıq Portalı”nın yaradıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, portal istifadəçilərə operativ və dəqiq məlumatları vahid platforma üzərindən əldə etməyə imkan verir.
İclasda çıxış edən Kollegiyanın sədri Sahil Babayev Dövlət Xəzinədarlıq Agentliyinə bir sıra tapşırıqlar verib. Sədr elektron sistemlərin, xüsusilə, “Maliyyə Hesabatlılıq Portalı”nın təkmilləşdirilməsi, büdcənin icrasına operativ nəzarətin gücləndirilməsi və vahid xəzinə hesabının qalığının real vaxt rejimində izlənilməsi imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsini tapşırıb.
Eyni zamanda, xəzinə əməliyyatları üzrə vahid standartların tətbiqi, daxili nəzarət, monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi, habelə proseslərin təhlili məqsədilə xidmət pasportlarının hazırlanması işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.