Masazırda mərkəzi kanalizasiya xəttinin qarşısı kəsildi: Həyətlər çirkab sularına qərq oldu
Abşeron rayonunun Masazır kəndi, Hacı Zeynalabdin Tağıyev küçəsində mərkəzi kanalizasiya xəttinin qarşısı kəsilib.
Bu barədə sakinlər bildiriblər. Onlar qeyd ediblər ki, bir müddət əvvəl Masazır kəndini təmin edən yeni su xəttinin çəkilməsi ilə bağlı tender elan edilib. Tenderin qalibi olan şirkət xəttin çəkilişinə başlayıb. Su borusunu mərkəzi kanalizasiya xəttinin qarşısından çəkən şirkətin əməkdaşları mərkəzi kanalizasiya xəttini kəsib, üzərini torpaqlayıblar. Nəticədə kanalizasiya xəttinin qarşısı kəsildiyindən çirkab suları sakinlərin ev və həyətyanı sahəsinə dolub.
Sakinlərin şikayətindən sonra məsələyə Abşeron Rayon İcra Hakimiyyəti müdaxilə edib. Bundan sonra Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb olunublar. Hazırda kanalizasiya xəttinin qarşısının açılması istiqamətində işlər görülür.