Fars körfəzində BÖYÜK “HƏRBİ FIRTINA”: ABŞ İranı dənizdən “boğur”?
İran-ABŞ münaqişəsi fonunda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ordunun aprelin 13-də İslam Respublikasına qarşı dəniz blokadasına başladığını açıqlayıb. Məlumata görə, onlar İranın limanlarına doğru hərəkət edən, eləcə də onun sahillərindən uzaqlaşmağa çalışan bütün gəmilərin hərəkətinin qarşısını almağı planlaşdırırlar.
Dəniz blokadası beynəlxalq münasibətlərdə ən sərt təzyiq vasitələrindən biri hesab olunur. Ölkələr bu mexanizmdən adətən müharibə zamanı və ya ciddi siyasi böhranlar dövründə istifadə edirlər. Bu proses beynəlxalq hüquqla ciddi şəkildə tənzimlənən mürəkkəb hüquqi məsələdir.
Dəniz blokadası bir dövlətin digər ölkənin sahil xəttini, limanlarını və dəniz ticarət yollarını bağlayaraq, həmin əraziyə gəmilərin giriş-çıxışını məhdudlaşdırması və ya tam dayandırmasıdır.
Bunun bir neçə məqsədi ola bilər: iqtisadi təzyiq göstərmək, strateji üstünlük qazanmaq, hərbi təchizatın keçidinə mane olmaq və s.
Vurğulanmalıdır ki, blokada tətbiq edən tərəfin sahilboyu və ya liman girişlərində kifayət qədər hərbi qüvvəsi (gəmilər, sualtı qayıqlar, təyyarələr) olduqda və gəmilərin keçidini fiziki olaraq əngəlləyə bildikdə bu, effektiv sayılır.
Dəniz blokadası beynəlxalq hüquqda tam şəkildə qadağan olunmur. Müəyyən hallarda, xüsusilə, silahlı münaqişə və ya müharibə şəraitində tətbiq oluna bilən hüquqi vasitə kimi qəbul edilir.

Doğrudur, beynəlxalq hüquq dəniz blokadasının həyata keçirilməsinə ciddi məhdudiyyətlər müəyyən edir.
Blokada rəsmi şəkildə elan edilməli, real və effektiv xarakter daşımalı, bütün tərəflərə qarşı ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Eyni zamanda, mülki əhalinin həyatı üçün ciddi təhlükə yaratmamalı və humanitar yardımların qarşısını tam şəkildə almamalıdır.
Əgər proses sülh dövründə və ya hərbi əsas olmadan həyata keçirilərsə, bu, beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir. Belə hallarda blokada təcavüz aktı hesab oluna və beynəlxalq məsuliyyət yarada bilər.
Tarixdə dəniz blokadaları bir neçə dəfə baş verib.
Məsələn, ABŞ-də vətəndaş müharibəsi zamanı (1861-1865) hökumət Cənub ştatlarının limanlarını blokadaya aldı. Bu addım nəticəsində Cənubun xarici ticarəti, xüsusilə ixracı demək olar ki, dayandı. Bu blokada müharibədə Şimalın üstünlük qazanmasına səbəb olan əsas amillərdən biri hesab olunur.
Eyni hal Birinci Dünya müharibəsi zamanı da müşahidə olunub. Böyük Britaniya Almaniyaya qarşı geniş proseduru tətbiq etmişdi. Nəticədə Almaniya ərzaq və xammal çatışmazlığı ilə üzləşdi.

İkinci Dünya Müharibəsi dövründə də dəniz blokadaları geniş tətbiq olunub. Müttəfiq qüvvələr Almaniyanın dəniz ticarətini məhdudlaşdırmaq üçün müxtəlif blokada və nəzarət tədbirləri həyata keçiriblər.
“Soyuq müharibə” dövründə isə maraqlı bir nümunə Kuba Raket Böhranı zamanı baş verib.
ABŞ Kubaya gedən sovet gəmilərini dayandırmaq üçün “dəniz karantini” tətbiq edib. Rəsmi olaraq bu addım blokada adlandırılmasa da, mahiyyətcə eyni məqsədə xidmət edib.
Oxşar hal İran-İraq müharibəsi zamanı baş verən “tanker müharibəsi” dövründə də yaşanmışdı. Tərəflər bir-birinin neft tankerlərinə hücum edərək dəniz ticarətini pozmağa çalışıb.