Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində SÜRÜŞMƏ
24Xeber.az “Sözügedən ərazidə sürüşmə hadisəsi avtomobil yolunun hərəkət hissəsində deyil, yolun mühafizə (təhlükəsizlik) zolağı hüdudlarında qeydə alınıb”.
Bunu Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, aparılmış ilkin vizual və texniki baxış zamanı müəyyən edilib ki, hadisə yolun əsas konstruktiv elementlərinə və örtük qatına təsir göstərməyib, yolun daşıyıcı qabiliyyətində və istismar göstəricilərində hər hansı mənfi dəyişiklik qeydə alınmayıb.
“Mövcud vəziyyətlə bağlı aidiyyəti üzrə operativ qaydada müvafiq tapşırıqlar verilib, sürüşmənin səbəblərinin aradan qaldırılması və potensial risklərin minimuma endirilməsi istiqamətində zəruri mühəndis-texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Qısa müddət ərzində ərazidə bərpa və möhkəmləndirmə işlərinin tamamlanması təmin ediləcək”, – deyə açıqlamada vurğulanıb.