Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri kimi yaddaşlarda qalan Xocalı soyqırımından 34 il ötür. Hər il minlərlə insan soyqırımın ağrı-acısını və günahsız insanların viran edilmiş taleyini simvolizə edən “Ana harayı” abidə kompleksini ziyarət edərək faciə qurbanlarının xatirəsinə ehtiramını ifadə edir.Bakının Xətai rayonunun Xocalı prospektində “Ana harayı” abidəsinin yerləşdiyi parkda Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı aparılan hazırlıq işləri yekunlaşıb.
24xeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanovun sözlərinə görə, Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı hazırlıq işləri çərçivəsində parkın ərazisində yerləşən söhbətgahlar, məhəccərlər, oturacaqlar, işıq dirəklərinə baxış keçirilib və rənglənib. Eləcə də hər il olduğu kimi, bu il də 30 mindən artıq gül və dekorativ kollar əkilib. Parkda 8 000 kvadratmetrdə yerləşən yaşıllıq zonasında yaşıl örtük yenilənib. Həmin işlər çərçivəsində, həmçinin prospektboyu yerləşən binaların fasadlarına, işıq dirəklərinə, Xocalı soyqırımını, faciə ilə bağlı statistik rəqəmləri əks etdirən bannerlər, plakatlar vurulub. İşlər yekunlaşıb, abidə və abidə kompleksi ziyarət üçün tam hazırdır.
“Xocalı bizim qan yaddaşımız, sağalmayan yaramızdır. Bu gün “Ana harayı” abidəsinin önünə qürurla gəlirik. Çünki artıq biz ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycanda yaşayırıq. Biz şəhidlərimizi və Xocalıda olan müsibətləri unutmayacağıq. Allah hər birinin ruhunu şad etsin”.