Dünya mediası Azərbaycan Prezidentinin BƏƏ səfərindən yazmaqda davam edir

IMG_7670

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) işgüzar səfəri və bu səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüş, həmçinin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın dövlətimizin başçısına təqdimolunma mərasimi dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının diqqət mərkəzində olub.

24xeber.az xəbər verir ki, əksəriyyəti AZƏRTAC-a istinadla yayımlanan xəbərlərdə dövlətimizin başçısının Ermənistanın baş naziri ilə görüşü zamanı Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət impulsun qorunmasının vacibliyinə dair səsləndirilən fikirlər yer alıb.

Misir, Küveyt, Səudiyyə Ərəbistanı, Mərakeş və Livan mətbuatında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirdiyi görüş keçmişdə mövcud olan gərginliyin tamamilə aradan qaldırılması və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərin göstəricisi kimi qiymətləndirilib.

Misirin Youm7“, Səudiyyə Ərəbistanının “SA24”, Küveytin “Q8-Press” və Livanın “Athabat” nəşrlərinin məlumatına görə, görüşdə ikitərəfli ticarətin başlaması, eləcə də Azərbaycandan Ermənistana neft məhsullarının ixracı müsbət addım kimi qiymətləndirilib. Bildirilir ki, bu proseslər artıq tərəflər arasında sülhün praktik faydalarının hiss olunmasına imkan yaradır.