Uçot dərəcəsinin manatla verilən kredit faizlərinə təsiri varmı? – AMB sədri rəqəmləri açıqladı

IMG_7562

“Uçot dərəcəsinin manatla yerləşdirilən depozit və manatla verilən kredit faizlərinə təsirini müşahidə edirik”.

24xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında jurnalistlərin sualını cavablayarkən deyib.

O bildirib ki, uçot dərəcəsinin mümkün təsirləri qiymətləndirilir:

“Sözsüz ki, bizim yeni monetar siyasətin tətbiqinin son mərhələsi 2024-cü ildən başlayıb. Biz likvidin örtülmə əmsalı, məcburi ehtiyatların son versiyasını tətbiq etdik. Həmin vaxtdan artıq pul bazarı aktiv genişlənməyə başlayıb. Pul siyasətimizdə bank sektorunda depozit və kretidlərin təsirini qiymətləndiririk.

Məsələn, son 6 ayda uçot dərəcəmizi aşağı salmışıq. Bunun nəticəsində fiziki şəxslərin manatla müddətli yeni depozitləri üzrə orta faiz 0.11 faiz bənd azalaraq 9.5%-ə, hüquqi şəxslərin müddətli yeni depozitləri üzrə orta faiz 0.78 faiz bənd azalaraq 5.87%-ə düşüb. Bundan başqa, fiziki şəxslərə manatla yeni verilmiş kreditlərin ortaillik faiz dərəcəsi 0.48 faiz bənd azalaraq 20.99%-ə, hüquqi şəxslərə manatla yeni verilmiş kreditlərin ortaillik faiz dərəcəsi 0.91 faiz bənd azalaraq 12.9%-ə düşüb. Burada biz enmə meyilləri müşahidə edirik. Bir müddət lazımdır ki, uçot dərəcəsinin dəyişməsinin təsirini, depozit və kredit faizlərinə təsirini daha çox müşahidə edək”.