Siyasət Elmar Məmmədyarov çinli nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov çinli nümayəndə heyətini qəbul edib

1 həftə əvvəl     Siyasət 0
Elmar Məmmədyarov çinli nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Kommunist Partiyasının nümayəndə heyətini qəbul edib.

Metbuat.az-ın məlumatına görə, nümayəndə heyətinin rəhbəri Li Jun L.Jun Çinin Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiyini bildirib və siyasi sahədə yüksələn inkişaf xəttinin davam etdirilməsində maraqlı olduğunu əlavə edib. L.Jun Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərinin Çinin tərəfindən dəstəkləndiyini bir daha bəyan edib.
L.Jun “Bir kəmər-bir yol” təşəbbüsünə dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür etdi və bu çərçivədə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. Regionun aparıcı dövləti olan Azərbaycanı Çinin önəmli tərəfdaşı adlandıran qonaq Xüsusi İşçi Qrupu qismində Kommunist Partiyasının nümayəndə heyətinin Azərbaycana səfərinin bu qəbildən olan ilk xarici səfər olduğunu deyib və bu səfərin münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcəyinə ümidvar olduğunu əlavəedib.

E.Məmmədyarov iki dövlət arasında siyasi dialoqun daha da irəlilədilməsinin iqtisadi, ticarət və digər sahələrdə yeni əməkdaşlıq perspektivlərinin üzə çıxarılmasına təkan verəcəyini qeyd edib. Çoxtərəfli müstəvidə Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirən E.Məmmədyarov bu xüsusda, BMT çərçivəsində əməkdaşlığı xüsusilə fərqləndirib. Ermənistan-Azərbaycan münaqişəsinə dair Çinin də üzvü olduğu Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu bildirib.

Bu xüsusda, E.Məmmədyarov Çin tərəfinə Azərbaycanın haqlı mövqeyinin ardıcıl dəstəklənməsi xəttinə görə təşəkkürünü bildirib. Həmçinin Azərbaycanın “Vahid Çin” siyasətinə sadiq qaldığını bir daha bəyan edib. Güc tətbiqi ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu diqqətə çatdıran E.Məmmədyarov ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin Azərbaycan və Çin arasında imzalanmış bütün siyasi sənədlərdə öz əksini tapdığını əlavə edib.

İqtisadi sahədə ikitərəfli əməkdaşlığa toxunan E.Məmmədyarov ölkələr arasında ticarət dövriyyəsinin mövcud potensial və siyasi dialoqun səviyyəsini əks etdirmədiyini qeyd edib. Bu sahədə, gələn il növbəti iclası keçiriləcək Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyini vurğulayıb.

Bakı-Tbilisi-Qars dəmiryol xəttinin 30 oktyabr 2017-ci il tarixində fəaliyyətə başladığını bildirən E.Məmmədyarov Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və Çinin təşəbbüskarı olduğu “Bir kəmər, Bir yol” layihəsi çərçivəsində bu əsasda əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğulayıb. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən köklü tədbirlər barəsində danışan Elmar Məmmədyarov Çin şirkətlərinin ölkəmizin qeyri-neft sektorunda daha fəal şəkildə təmsil oluncağına ümidvar olduğunu bildirib.

Oxunub : 1



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!